Berlində Almaniya Cərrahlar Cəmiyyətinin 131-ci Konqresi başa çatmışdır

Almaniyanın paytaxti Berlin şəhərində 25-28 Mart 2014-cü il tarixlərində Almaniya Cərrahlar Cəmiyyətinin 131-ci Kongresi keçirilmişdir. Konqresdə Azərbaycanı Almaniya Cərrahlar Cəmiyyəti və Almaniya Visseral və Ümumi Cərrahlar Cəmiyyətinin üzvü, Almaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin həmsədri Prof.Dr.med Qurbanxan Müslümov təmsil etmişdir. Q.Müslümov konqresin gedişində elmi və praktiki tədbirlərdə iştirak etməklə yanaşı Almaniya Cərrahlar Cəmiyyətinin və cərrahi industriya sahəsinin aparıcı firmalarının rəhbərliyi ilə bir sıra görüşlər də keçirmişdir. Bu görüşlərin əsas nəticələrindən biri GAMCA nəzdində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzinin daha da inkişaf etdirilməsi və gələn ildən Almaniya Cərrahlar Cəmiyyətinin nəzdindəki Cərrahi Treyninq Labarotoriyası ilə birgə treyninqlərin keçirilməsi barədə razılığın əldə edilməsi olmuşdur. 

Konqres "Chirurgie zwisсhen Faszination, Mut und Demut - Cərrahiyyə vurğunluq, cəsarət və barışıq arasında" devizi altında keçirilmişdir. Tədbirə Almaniyadan və dünyanın bir sıra ölkələrindən 5 mindən çox iştirakçı qatılmışdır. Konqres iştirakçıları cərrahiyyə sahəsində ən müasir yeniliklər, əksər cərrahi xəstəliklərin müalicəsinə yeni yanaşmalar, bu sahədə əldə edilmiş uğurlar və s. tanış olmaqla yanaşı cərrahiyyənin müasir durumu və gələcəyinə fəlsəfi baxış, cərrahiyyənin bir incəsənət kimi durumu, cərrahiyyə və müasir media kimi aktual məsələlər də ətraflı müzakirə edilmişdir. Sevindirici haldır ki, Konqresdə Almaniyanın Mannhaym Universitet Klinikasında çalışan azərbaycanlı cərrah Mirhəsən Rəhimli də elmi məruzə ilə çıxış etmişdir.

 

Our socials