"4-cü Alman Azərbaycan Tibb Günləri" sona çatmışdır

Məlumat   verdiyimiz  kimi 4-8 Sentyabr  2013-cü il tarixində Almaniyanın Siegen şəhərində Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti,  Siegen Marienkrankenhaus klinikası,  Milli Onkologiya Mərkəzi  və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə "4-cü Alman Azərbaycan Tibb Günlər" i keçirilir. Tədbir proqram üzrə bütün məsələləri  uğurla  yerinə yetirilməklə bu gün sona çatmışdır.

Tədbirin sonuncu günü çox maraqlı mühazirələr, diskussiyalar və treyninqlərlə yadda qalmışdır. Belə ki,  günün birinci yarısı Azərbaycandan  və Almaniyadan olan həkimlər öz praktikalarında rast gəldikləri maraqlı halları təqdim etmiş, bu zaman mümkün ola biləcək digər diaqnostik və müalicə taktikaları və yanaşmalar təqdim edilməklə maraqlı müzakirələr aparılmışdır. Bu zaman daha çox Azərbaycanda böyrək və qara ciyər transplantasiyası barədə statistikar reallıqlar və təqdim olunmuş xəstələr maraqla qarşılanmışdır.

Bunun ardınca Almaniyanın Haydelberq Universitetinin Manhaym Cərrahlıq Klinikasının Direktoru, Almaniya Visseral və Umumi Cərrahlar Cəmiyyətinin  Prezidenti, Professor Stefan Post müxtəlif tibb sistemləri və onların qarşılaşdığı problemlər ətrafında çox maraqlı məruzə ilə çıxış etmişdir. Bu zaman Azərbaycanın öz tibb sisteminin inkişafında heç də kor-koranə Almaniya və ya başqa qabaqcıl ölkələrin dalınca getməmək, özünün özəl ənənələri olan sistemin qurulması və bu zaman qabaqcıl ölkələrin buraxdığı səhvlərdən yararlanmalı olduğu da  xüsusi vurğulanmışdır.

Sonra Azərbaycan – Alman  Tibbi  Əməkdaşlıq  Cəmiyyəti  tərəfindən Azərbaycan və Alman klinikaları arasında birgə aparılması planlaşdırılan multimərkəz bir kliniki tədqiqat təqdim edilərək təsdiq edilmişdir. Bu Azərbaycanda tibb elminin inkişafında əhəmiyyətli rolu olan bir hadisə hesab edilməlidir.

Müzakirələrin sonunda  Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin geniş təqdimatı keçirilmiş və bu zaman Cəmiyyətin bu günə qədər gördüyü işlər, gələcək planları və birgə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Tədbir ənənəvi olaraq laparoskopik və ümümi cərrahiyyə sahələri üzrə treyninqlərlə davam etmişdir. Günün  sonunda “ 4-cü Alman Azərbaycan Tibb Günləri”  tədbir iştirakçılarının  şərəfinə verilən ziyafət mərasimi ilə sona çatdırılmışdır.


Our socials