Bakıda Birinci Azərbaycan-alman-türk tibb konqresi keçiriləcək

Bakıda Birinci Azərbaycan-alman-türk tibb konqresi keçiriləcək

07.04.2015 [15:56]

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 10-13-də Bakıda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi və Azərbaycan Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Birinci Azərbaycan-alman-türk konqresi keçiriləcək.

Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 500-dən çox azərbaycanlı və əcnəbi həkimin qatılacağı konqresdə əsasən ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahələrindəki yeniliklərə dair məruzələr olunacaq və hazırda dünyanın aparıcı ölkələrində müxtəlif xəstəlikləri diaqnostikası və müalicəsində mövcud olan ən son yeniliklər müzakirə ediləcək.

Konqresdə ölkəmizi tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı Almaniyanın universitet klinikalarından dəvət olunmuş 8 professor və Türkiyənin universitet klinikalarının dəvət edilmiş 6 professor referent qismində iştirak edəcəklər.

Konqres ərəfəsində 100-dən çox azərbaycanlı həkim və rezidentlər üçün laparoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə və radiologiya və endoskopik ultrasonoqrafiya sahələrində treninqlər və ustad dərsləri keçiriləcək. Bu treninqlərdə həkimlərimiz təcrübəli alman və türk professorlarının rəhbərliyi ilə cərrahiyyə, endoskopiya və radiodiaqnostika sahəsində mövcud olan ən yeni metodlara yiyələnəcəklər. Bu treninqlərin təşkili üçün Avropa universitetləri və tədris mərkəzlərindən ən müasir avadanlıq və ləvazimatlar artıq Azərbaycana gətirilib.

Konqres çərçivəsində tələbə, rezident və gənc həkimlərin cərrahiyyə, onkologiya və qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrindən ibarət müsabiqə də təşkil olunacaqdır ki, burada birinci yerin sahibi Almaniyanın universitet klinikalarının birinə, ikini yerin sahibi isə Türkiyəyə 1 aylıq yay praktikasına göndəriləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/844250

Our socials