II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri

     31 Yanvar - 3 fevral, 2011 tarixində, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 2-ci Azərbaycan-Alman Cərrahiyyə Günləri keçirilib. Tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri professor Stefan Postun rəhbərlik etdiyi, o cümlədən, Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri prof. Kienle Peter, eyniadli klinikanın endosklopiya şöbəsinin direktoru Kaehler Georg, əməliyyat tibb bacısı Boto Damiana və endoskopiya üzrə texnik Felzmann Thomas-dan ibarət nümayəndə heyəti iştirak etmişdir. 
     Regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılmış tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələr, treninqlər və birbaşa translyasiya ilə nümunəvi əməliyyatlar keçirilib. Tədbir çərçivəsində, 60-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, o cümlədən 8 xəstədə mürəkkəb cərrahi əməliyyatlar və müxtəlif patologiyalara görə endoskopik müayinə və müalicələr aparılıb.
     Tədbirin sonunda alman tərəfi ilə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq Almaniyanın aparıcı Universitet Klinikasının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya edilməsi barədə razılaşma əldə edilib. Eləcə də gələcəkdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ağır xəstələrin cərrahi və terapevtik müalicəsi üçün xüsusi həkim briqadalarının mütəmadi olaraq Azərbaycana gəlməsi barədə də alman tərəfi öz razılığını bildirib. 
       Növbəti  Azərbaycan-Alman Cərrahiyyə Günlərinin Almaniyada keçirilməsi təklifi irəli sürülüb və bu zaman bir sıra birgə elmi və praktiki lahiyələrin müzakirə edilməsi planlaşdırılıb.

Our socials