Nizamnamə

1.ÜMUMİ MÜDDƏALAR.


  1.1. “Azərbaycan – Almaniya Tibb Cəmiyyəti” İctimai Birliyi  (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəlirləri öz üzvləri arasında bölüşməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
  1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökümət təkilatları (ictimai birlik və fondlar) haqqinda” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
  1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhrü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.


2.BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ.


  2.1. Birliyin məqsədi Azərbaycan və Almaniya həkimləri arasında əməkdaşlığın inkişafına kömək etməkdən ibarətdir.
  2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• əhalinin sağlamlığının qorunması ilə bağlı maarifləndirmə işi aparmaq;
• müasir tibb nailiyyətlərinin ölkəmizdə tətbiqi imkanları ilə bağlı araşdırmaların aparılmasına dəstək vermək;
  2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
• müxtəlif  kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir,  konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirir;
• məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbuat  nəşrlər təsis edir;
• Azərbaycan Respublikasının aidiyyatı dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlığ edir;

  2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra  otuz gün müddətində  üzvlərinin reyestrinin aparılmasını təmin edir.
  2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin,  Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.


3. BİRLİYİN HÜQUQLARI.


3.1.  Birlik aşağıdakı hüquqlara malikdir:
• öz  adından aktlar bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
• fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
• Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
• banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
• müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
• qanunvericiliklə qadağan edilməyən və Nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək;


4. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ.


  4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı  üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
  4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uygun olaraq özgəninkiləşdirilə bilər.
  4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
• təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
• idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələr;
• səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

• öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
• qrantlar;
• sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
• təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində  əldə olunan  gəlirlər;
• qanunvericilikdə qadağan olunmamış digər müdaxilələr;
  4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
  4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
  4.6.  Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
  4.7.  Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
  4.8.  Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada mailliyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.


5.BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


  5.1. Birliyin təsisçiləri hüquqi şəxslər  (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
  5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə , yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə  müəyyən edilir. 
  5.3. Azərbaycan Respublikasında hər bir tibb təhsili olan şəxs, eləcədə digər fiziki və hüquqi şəxslər ( dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla ) İctimai Birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həmdə Birliyin üzvləri hesab olunurlar. 
  5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
  5.5. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir.  Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə ərizəçi Birliyin üzvü hesab olunur.
  5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər.
• bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində  iştirak etmək;
• Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
• Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
• Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
• öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi Birliyə müraciət etmək;
• onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək;
  5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə  və ya onun adından bəyanatla çıxış edə bilər.
  5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
• Birliyin Nizamnaməsinə əməl etmək;
• Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
• Nizamnamə tələblərinə riayət etmək;
• Birliyin tədbirlərində iştirak etmək;
  5.9. Birliyin üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
  5.10. Birliyə üzvlüyə aşağıdakı halllarda xitam verilir:
• Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
• Birliyin üzvlüyündən çıxarıldıqda;
  5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
• Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
• mütamadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
• Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə;
  5.12. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
  5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.


6.BİRLİYİN  TƏŞKİLATİ  STRUKTURU  VƏ İDARƏETMƏ  ORQANLARI. 


  6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır.
  6.2. Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
  6.3. Birliyin təsisçilərinə və üzvlərinə Konqresin yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. 
  6.4. Ümumi yığıncaq səlahiyyətinə aşağıdakılar aiddir:
• Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
• Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
• Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
• ililk hesabatın təsdiq edilməsi;
• başqa təşkilatlarda iştirak;
• Birliyin yenidən təşkili və ləğv edilməsi;
• Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi;
  6.5.  Ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
  6.6. Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və  ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
  6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
  6.8. İcra orqanı Birliyin həmsədrlərindən, müavinlərdən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.
6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
• Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
• təkliflər və layihələr irəli sürür;
• Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
• Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir;
  6.10.  İdarə Heyəti üzvlərinin yarısından  çoxu iştirak etdikdə  səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
  6.11. İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi yığıncağı tərəfindən  2 (iki) il müddətinə seçilir.
  6.12. Sədr: 
• Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
• Ümumi yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir;
  6.13. Birliyin Nəzarət-təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin  və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliiyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Konqres tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti  2 (iki) ildir.
  NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
  6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.


7. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ.


  7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi ( birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə ) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş  qaydada həyata keçirilir.
  7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara  əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların  tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.


8. DİGƏR ŞƏRTLƏR.


  8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiklə tənzimlənir.
  8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
  8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və növbəti ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

br
Our socials