I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, sentyabr 2012

Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (GAMCA) və Azərbaycan Tibb Universiteti Azərbaycan Gənclər Fondunun maliyyəvə“İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə 29 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində Almaniyanın Haydelberg ve Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “I Azərbaycan – Alman Tibbi Treyninq kursları” təşkil etmişdir. Azərbaycan TibbUniversitetininTədris Terapevtik Klinikasında baştutan tədbirdə sentyabrın 29-da rəsmi açılış mərasimi ilə start verilmişdi. Rəsmi açılış mərasimində Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov, millət vəkilləri Ceyhun Osmanlı, Jalə Əliyeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev və s. iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra layihə haqqında geniş məlumat verərək vurğulamışdır ki, təlim kursları təbabətin aktual sahələrini əhatə etməklə Azərbaycanda ilk dəfə ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcək. Açılışda Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor R.Məmmədhəsənov Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirərək təşkil edilən Azərbaycan-Alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və müasir tibbin yenilikləri ilə bağlı məlumatlar qazanmasında böyük əhəmiyyəti olduğunu qeyd etmişdir.

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Məlahət İbrahimqızı, Jalə Əliyeva çıxış edərək bildirdilər ki, səhiyyənin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu səpkili tədbirlərin keçirilməsi buna bariz nümunədir. Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri V.Seyidbəyov isə bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, gənclərin inkişafına, gələcək karyeralarına töhfə verəcəyini bildirib və fondun daima bu kimi tədbirlərin həyata keçirilməsinə dəstək olacağını vurğulamışdır.    

Sonrakı günlərdə baş tutan praktiki treyninqlərdə ümumi cərrahiyyə, laparoskopiya, ginekologiya, endoskopiya, radiologiya, uronefrologiya, reanimasiya və əməliyyat tibb bacıları üçün təlim bölmələri üzrə təlimlər həyata keçirildi. Treynerlər heyətini xarici ölkələrdə təhsil almış və iş praktikası keçmiş yüksək ixtisaslı yerli mutəxəssislər, eyni zamanda Almaniyanın Haydelberq və Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislər tərəfindən aparılırdı. Beləliklə, ümumi cərrahiyyə bölməsi üzrə treynerlər Dr.Serkan Sertel, Dr.Natiq Zeynalov, Dr.Rəşad Mahmudov, Dr.İlqar Heybətov, Dr.Faiq Əliyev, Dr.Asif Cahangirov, laparoskopiya bölməsi üzrə Dr.Qurban Müslümov, Dr.Rəşad Məmmədov, Dr.Fərid Rəfiyev, Dr.Eldar Əhmədov, Dr.Hacı Lətifov, Dr.Həzi Aslanov, ginekologiya bölməsi üzrə Dr.İslam Mahalov, Dr.Leyla Məmmədova, endoskopiya bölməsi üzrə Dr.Arzu Yusifova, radiologiya bölməsi üzrə Dr.Əhməd Məmiş, Dr.Şahin Əbilov, Dr.Ağakişi Yəhyayev, Dr.İlyas Həsənov, uronefrologiya və reanimasiya bölməsi üzrə Dr.Nexhat Miftari, Dr. Xanbaba Hüseynov, Dr. Şəfiqə Ağayeva, əməliyyat tibb bacıları üçün təlim bölməsi üzrə Farzin Zinalabidin, Əfsanə Bağışova olmuşdur. Treyninqlərdə ümumilikdə 500 nəfərə yaxın gənc həkim, rezident və tələbə iştirak etdi. Bütün ixtisaslar üzrə təlimlər 2 səviyyədə (sadə və mürrəkəb vərdişlər) aparılmışdır. Ümumi cərrahiyə seksiyasında iştirakçılara xüsusi modellər üzərində tikiş texnikası öyrədilmiş, həmçinin damar cərrahları tərəfindən damar tikişləri və AKŞ əməliyyatının özəllikləri ətraflı izah edilmişdir. Ginekologiya qrupunda xüsusi modellər üzərində sadə ginekoloji və laparoskopik cərrahi vərdişlər və histeroskopla işləmə prinsipləri, uşaqlığın müxtəlif xəstəlikləri modeli üzərində diaqnostik və müalicəvi histeroskopiya üzrə təlimlər keçmişdir. Laparoskopiya zalında kamera ilə işləmə prinsiplərini, müxtəlif laparoskopik əməliyyatlar zamanı portların vəziyyəti və qoyulması, laparoskopik kliplərin və steplerlərin qoyulması, tikiş texnikasının prinsipləri, yan bağırsaq tikişlərinin və müxtəlif növ anastomozların qoyulması haqqında treyninqlər keçmişlər. Endoskopiyada isə endoskopik polipektomiya, skleroterapiya və s. kimi təməl vərdişlər gənc həkimlərə və tələbələrə aşılanmışdır. Yüksək ixtisaslıradioloqlar isə iştirakçılar üzərində sadə radioloji manipulyasiyaları izah etmiş, həmçinin USM-in əsas prinsipləri, müxtəlif toxumaların, mühitlərin və orqanların differensasiyası ilə yanaşı xüsusi modellər üzərində invaziv radioloji vərdişlər (doppler USM-in nəzarəti altında damarların differensasiyası və punksiyası, USM-in nəzarəti altında abseslərin və mayeli boşluqların punksiyası və drenlənməsi və punksion biopsiya) üzrə treyninqlər keçirilmişdir.

Treynerlərin yüksək səyi nəticəsində iştirakçılar tibbin müxtəlif sahələri üzrə zəngin nəzəri və praktik vərdişlərə yiyələnmiş olmuşlar.Bu günlər ərzində tibbin bir çox aktual problemləri müzakirə olundu və ən son tibbi yeniliklər barədə iştirakçılara məlumat verildi. Treyninqlərin ilk dəfə keçirilməsinə baxmayaraq hər şey yüksək səviyyədə təşkil olunmuş, treyninq zalları dünyanın aparıcı universitetlərində bu məqsədlə istifadə edilən müasir tibbi treyninq avadanlıqları ilə təchiz olunmuşdur ki, bu da iştirakçılara bu avadanlıqlarla işləmə bacarığına yiyələnmək imkanı vermişdir.

Tədbirin bağlanış mərasimində GAMCA tərəfindən treynerlər və fəxri qonaqlar sertifikat və xüsusi diplomlarla təltif olundular. Həmçinin təşkilat komitəsinin üzvlərindən tədbirin yüksək səviyyədə təşkil olunmasında əməyinə görə 1 nəfərə iPAD və digər üzvlərinə müxtəlif dəyərli hədiyyələr verildi. Sonda GAMCA nəzdində Tibbi Treyninq Mərkəzinin rəsmən təsis edilməsi və belə treyninqlərin requlyar keçirilməsi qərara alındı.

I Azərbaycan - Alman Tibbi Treyninq kurslarının təşkilində yardımçı olduqlarına görə ATU, Azərbaycan Gənclər Fondunun, “İRƏLİ” İctimai Birliyi, Vitta Medical, ButaFarm, Adventa Medical şirkətləri, ASAİF və Milli Məclisin deputatlarının ünvanına verdikləri dəstəyə görə xüsusi təşəkkürlər söylənilmişdir.

Our socials