I Azərbaycan-Almaniya Cərrahiyyə Günləri

       İyun ayının 6-da “Excelsior” mehmanxanasının “Afurca” zalında Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzi, Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikası, Almaniyanın Sieqen Cərrahlıq Klinikası və “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşkilatçılığı ilə “Azərbaycan-Almaniya Cərrahiyyə Günləri”nin açılışına həsr olunan konfrans keçirildi. Konfransda M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev tədbirin əhəmiyyətindən və ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışdı.
      Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasının direktoru Stefan Post və digər qonaqlar çıxış edərək qeyd etdilər ki, Azərbaycanda səhiyyə sahəsində sürətli inkişaf var. Bu tədbirin keçirilməsi Azərbaycanla Almaniya arasında səhiyyə sahəsindəki əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
       Eyni zamanda millət vəkili Hadı Rəcəbli və İRƏLİ ÜGH-nın həmtəsisçisi Ceyhun Osmanlı çıxış edərək bildirdilər ki, bu tip elmi tədbirlərin tez-tez keçirilməsi çox yaxşı göstəricidir. “Birgə əməkdaşlıq nəticəsində bir çox uğurlara imza atmaq olar. Gələcəkdə bizim kadrlar öndə olan klinikalarda öz təcrübələrini artırmaqla Azərbaycanın səhiyyə sahəsinə xidmət etmiş olurlar. Yeni texnologiyaların Azərbaycanda tətbiqi gələcəkdə bir çox nailliyyətlər əldə etməyə yardımçı ola bilər.
      Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam etdirilmişdir.
     Cərrahiyyə günləri çərçivəsində Almaniyanın tanınmış cərrahlarının iştirakı ilə qara ciyər, öd və öd yolları, mədə və 12 barmaq bağırsaq, mədəaltı vəz, yırtıqlar, yoğun bağırsaq xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində cərrahiyyə əməliyyatlar canlı olaraq konfrans zalına yayımlandı. Bu isə cərrahiyyə sahəsində fəaliyyət göstərən tibb işçilərinə tibbin ən son nailiyyətləri ilə əyani tanış olmaq imkanı yaratdı.

Our socials